“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi – “ADY Express” MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda istehsal olunan karbamidin dəmir yolu ilə xaricə nəqlini davam etdirir.
Bu barədə “Report”a “ADY Express”dən bildirilib.
Məlumata görə, hazırda Hacı Zeynalabdin Tağıyev dəmir yolu stansiyasında hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) olan karbamid “Gürcüstan Dəmir Yolları” SC-nin təqdim etdiyi yarımvaqonlara yüklənərək qonşu ölkənin Qara dəniz limanlarına yola salınır. H.Zeynalabdin-Böyük Kəsik-Poti/Batumi marşrutu ilə 884/920 kilometr yolu 3-4 günə nəql edilən karbamid daha sonra Poti və ya Batumi limanlarında gəmilərə aşırılaraq dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.
2019-cu il oktyabr ayından (karbamidin dəmir yolu ilə nəqli başlayandan) 2020-ci il noyabr ayı daxil olmaqla “ADY Express” ümumilikdə 115 min ton karbamidi daşımağa müvəffəq olub. Proses davam etdirilir.
“ADY Express” yükdaşımanı Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” şirkəti ilə birgə həyata keçirir və yalnız Azərbaycan ərazisi üzrə nəqli təşkil edir.
Xatırladaq ki, “SOCAR Carbamide” zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə tutulub.