Gürcüstan parlamenti yeni hökumətin tərkibini və qarşıdakı illər üçün fəaliyyət proqramını təsdiq edib. Parlamentin 85 deputatı yeni hökumətin və proqramın lehinə səs verib.
AZƏRTAC xəbər verir ki, parlament Baş nazir vəzifəsinə Giorgi Qaxariyanın namizədliyini təsdiqləyib. Onun başçılıq edəcəyi kabinetdə yeni nazir də yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir.
Qeyd edək ki, nazir bu il dekabrın 19-da Beynəlxalq Ədalət Məhkəməsinə hakim seçildiyindən bir neçə aydan sonra vəzifəsini tərk edəcək.
Yeni hökumətdə təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, müdafiə naziri İrakli Qaribaşvili, ədliyyə naziri Qoça Lortkipanidze, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, daxili işlər naziri Vaxtanq Qomelauri, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani olacaqlar.
Gələn ilin əvvəllərində isə daha bir nazirliyin – Mədəniyyət Nazirliyinin yaradılacağı bildirilib.