Dünya şöhrətli fransız modelyeri Pyer Karden 98 yaşında vəfat edib.
“Report” xəbər verir ki, məlumatı AFP yayıb.
O, 1922-ci il iyulun 2-də İtaliyanın San-Byaco-di-Kallalta şəhərində anadan olub. Pyer Karden teatr rəssamı kimi fəaliyyətə başlayıb. 1946-cı ildə Jan Koktonun “Gözəl və eybəcər” filminə kostyumlar tikib. 1947-ci ildə Kristian Diorun atelyesində işləməyə başlayıb. 1950-ci ildə özünün dəblər evini yaradıb. Onun 500-dən artıq modası, o cümələdən rəngli qalstuk, uzunboğaz çəkmə, mini-sarafan, “gül” qalstuk, uzun yaxasız pencəklər, dar düyməli şalvar (əvvəlcə “Bitlz” qrupu üçün tikib) geyim ixtirası var. O, ABŞ-ın Milli Kosmik Araşdırma Mərkəzi üçün geyimlərin dizaynını verib. Nil Armstronqun Aya geydiyi skafandrın ölçüsünü götürən yeganə insandır. O, “Pierre Cardin” parfümeriyasının da müəllifidir.
Pyer Karden Fransa vətəndaşı idi. O, 2020-ci il dekabrın 29-da Parisdə vəfat edib.