Səbail rayonunda şəhidlərin xatirə lövhəsinin açılışı olub

Yanvarın 18-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib və onların xatirəsinə quraşdırılan xatirə lövhəsinin açılışı olub.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Xatirə lövhəsinin qarşısında şəhid ailələrinin üzvləri ilə görüşən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində işğal altındakı torpaqlarımız azad olunub. Vətən müharibəsində Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz qüdrətini bir daha bütün dünyaya sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş edib və təqdirəlayiq hal kimi qiymətləndirilir.

Şəhid ailələrinin üzvləri çıxış edərək göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

ƏvvəlkiTürkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
NövbətiQazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatsız qalma müddəti uzadılıb