“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımalarda daha bir ilkə imza atıb.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edib.
“Bu vaxta qədər BTQ-da yalnız yarımvaqonlar, konteyner və xopperlər (taxıldaşıyan vaqonlar) istifadə edilirdi. Örtülü vaqonlarla yüklərin nəqli və aşırım əməliyyatının həyata keçirilməsi, tamam başqa bir texnoloji proses hesab olunur.
Bu dəfə şirkət, Türkiyədən Azərbaycana idxal olunan Soya jmıxı (yükün digər adı – soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və bərk tullantılar, üyüdülmüş və ya üyüdülməmiş qranullaşdırılmış və ya qranullaşdırılmamış) yükünü nəql edib. Daşınacaq jmıxın ilk 1000 tondan 300 tonu Türkiyənin İskəndərun bölgəsində yerləşən Payas stansiyasında, örtülü vaqonlara yüklənərək Qars stansiyasına çatdırılıb. Burada yük, “ADY Express”in təqdim etdiyi 6 ədəd örtülü vaqona aşırıldıqdan sonra Gürcüstanın Axalkalaki stansiyasına, orada da təkər cütləri dəyişdirildikdən sonra Azərbaycana yola salınıb.
Yükün 150 tonu Sitalçay stansiyasına, 150 tonu isə Z.Tağıyev stansiyasına çatdırılıb. Onu da qeyd edək ki, soya jmıxı quşçuluqda istifadə olunur və bu cür yüklərin nəqlinin davamlı olacağı nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunub.