Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.
C.Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.
M.C.Zərif nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edib. Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluq ifadə edib. Ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən M.C.Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı və iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu qeyd olunub.
Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən Şimal-Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı perspektivləri xüsusilə vurğulanıb.
İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyəti, xüsusilə də Tehranda keçirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad edilərək, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.