Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu nəzərə alınaraq hər il fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi yaradılıb. 2019-cu il oktyabrın 23-də isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.
Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.
Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu isə durmadan artır. Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə beynəlxalq əlaqələr sürətlə genişləndirilir.
Ölkəmizdə vergi islahatları istiqamətində mühüm addımlar atılıb, Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun olaraq daim təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Məcəlləyə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib.
Vergi Məcəlləsində edilmiş dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.
Ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsi əsas məqsədlərdən biridir və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti – əmtəəsiz əməliyyatlar aparan vergiödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergiödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasını əhatə edir. ƏDV-nin kassa metodu əsasında hesablanması mütərəqqi yeniliklərdəndir. Yeni dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergiödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır.
Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə – elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin daha çevik qaydada tənzimlənməsi ilə bağlı dəyişikliklər edilib.
Beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər olunub. Belə ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisələr tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməlidir.
Qeyd edilənlər sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi mühüm istiqamətlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq daim təkmilləşdirilir.