2021-ci ilin yanvar ayında ölkədə 6 milyard 256,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 0,1 faiz artıb. ÜDM istehsalının 40,6 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olub.