Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, istedadlı gənclərə dəstək göstərməyə davam edir. Belə ki, Bank, dünyanın ən böyük tələbə-gənclər təşkilatlarından biri olan “AIESEC”in Azərbaycan nümayəndəliyi tərəfindən 11-14 fevral tarixlərində keçirilən milli konfransın premium sponsoru qismində çıxış edib.
“AIESEC Azərbaycan” tərəfindən onlayn formatda təşkil edilən milli konfransın əsas məqsədlərdən biri təşkilatın üzvü olan gənc kadrların peşə bacarıqlarını və təcrübələrini artırmaq, onların liderlik keyfiyyətlərini üzə çıxarmaqdır.
Qeyd edək ki, müxtəlif sahələrdə təhsil alan 250-ə yaxın gəncin iştiraki ilə keçən builki konfrans çərçivəsində bir sıra vebinarlar təşkil olunub. Vebinarlarda məruzəçi qismində çıxış edən beynəlxalq təcrübəli mütəxəssislər, o cümlədən PAŞA Bankı təmsil edən ekspertlər gənclərə müxtəlif biznes bilikləri, müştəri xidmətləri, maliyyə və marketinq sahəsi, layihə idarəedilməsi, proseslərin rəqəmsallaşması, insan resursları, risk menecmenti və digər gündəmdə olan istiqamətlər barədə zəruri məlumatlar verib.
“AIESEC Azərbaycan” milli konfransının əsas müzakirələrindən biri də “Şəxsi inkişafın uğurlu karyerada rolu” mövzusuna həsr olunub. Bu vebinarda məruzəçi qismində çıxış edən PAŞA Bankın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov, özünüinkişaf və gələcəkdə uğurlu karyeraya sahib olmağın yolları haqda öz təcrübəsini bölüşüb. Digər məlumat sessiyasında isə PAŞA Bankda mövcud olan iş imkanlarından, vakansiyalardan və işə qəbul prosesi ilə bağlı tələbələri maraqlandıran məqamlardan bəhs edilib.
Qeyd edək ki, PAŞA Bank hər zaman gənclərin peşəkar inkişafına xüsusi diqqət ayırır və ölkədə bu istiqamətdə keçirilər tədbirlərin, beynəlxalq konfransların, hakaton və məlumat sessiyalarının təşkil olunmasına dəstək verir. Azərbaycanın bir sıra aparıcı ali təhsil ocaqları ilə memorandum imzalayan PAŞA Bank, gənclərin potensialını üzə çıxarmaq və dəstəkləmək, onları uğurlu karyera qurmağa təşviq etmək, bununla da ölkə iqtisadiyyatının dayanıqlılığına töhfə vermək niyyətindədir.