Hazırda paytaxtın təhsil işçiləri üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.
Trend-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi KİV nümayəndələri ilə birgə vaksinasiya prosesinin gedişini izləyib.
Ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün nəzərdə tutulan vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub.
Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda – 276, Xətai rayonunda -56, Xəzər rayonunda -26, Suraxanı rayonunda – 84, Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda – 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 saylı tam orta məktəblər) həyata keçirilir. Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin edilib.
Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər.