Bu il martın 31-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 32 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.
Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, readmissiya olunan vətəndaşlar Heydər Əliyev Beynəlxalq Aeroportunda Xidmətin əməkdaşları tərəfindən ailə üzvlərinin iştirakı ilə qarşılanıblar. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyənləşdirdiyi qaydalar çərçivəsində həyata keçirilib. Otuz bir nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından, yaşayış yeri ilə təmin olunmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub.
Qeyd edək ki, fəaliyyəti DMX tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər görür.