Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokş (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib. Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.
Bu Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.