Azərbaycan və Türkiyə müdafiə nazirləri hər iki ölkə ordularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin birgə fəaliyyətlərini izləyiblər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.

General-polkovnik Z.Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra təlimin idarəetmə məntəqəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə birbaşa videobağlantısı baş tutub. Hər iki ölkənin müdafiə nazirləri təlim iştirakçılarına müraciət edərək onlara uğurlar arzulayıb. Videobağlantı zamanı müdafiə nazirləri rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, həmçinin bu sahədə birgə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda müdafiə nazirləri Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyarlığının təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndiriblər.

Təlimlər davam edir.

ƏvvəlkiKəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
NövbətiMüdafiə Nazirliyi hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb