Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 14 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 79 imtahan binası, 1367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 79 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1727 nəzarətçi–müəllim, 158 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 79 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.
Aprelin 17-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.