2020-ci ilin iyunun 16-dan bu ilin aprelin 28-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBCBank”ın əmanətçilərinə 253,53 mln. manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) “APA-Economics”ə verilən məlumata görə, “AGBank” üzrə 4 763 əmanətçiyə 120,54 mln. manat, “NBCBank” üzrə isə 4 240 əmanətçiyə 132,98 mln. manat kompensasiya verilib.
Ötən ilin iyunun 1-dən bu ilin aprelin 28-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrahbank” və “Atabank”ın əmanətçilərinə 386,23 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində “Amrahbank” üzrə 5 844 əmanətçiyə ödənilən məbləğ 140,46 mln. manat, “Atabank” üzrə isə 9 834 əmanətçiyə 245,77 mln. manat kompensasiya verilib.
Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, aprelin 28-nə 24 681 əmanətçiyə bu məbləğin 639,7 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 94,6%-i təmin olunub.