Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi Viktor Nemes (Serbiya) olub.
4:1 hesablı qələbə qazanan Hüseynov finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib.