Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə “Irina Deleanu Cup” beynəlxalq turniri keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Kamilla Seyidzadə, Məryəm Əliyeva, Alina Məmmədova, Gövhər İbrahimova və Aydan Rəhimova təmsil ediblər.
Qızlarımız bu yarışda uğurla çıxış edərək, komandaya müxtəlif əyarda 7 medal qazandırıblar.
2007-ci il təvəllüdlü gimnastların yarışında çıxış edən Alina Məmmədova gürzlərlə icra etdiyi kompozisiyasına görə fəxri kürsünün ilk pilləsinə yüksəlib. A.Məmmədova topla çıxışına görə üçüncü olub. Onun həmyaşıdı Kamilla Seyidzadə topla gümüş, halqa ilə çıxışına görə bürünc medal qazanıb.
2009-cu il təvəllüdlü gimnastlar arasında yarışan təmsilçilərimiz da mükafatçılar sırasında yer alıblar. Məryəm Əliyeva halqa ilə fəxri kürsünün birinci, topla çıxışına görə isə üçüncü pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən Aydan Rəhimova da halqa ilə bürünc medal əldə edib. Gövhər İbrahimova isə ən yaxşı nəticəsini halqa ilə göstərərək, bu proqram üzrə 6-cı olub.