Mayın 20-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişiklik edilib. Federasiya bu müddət ərzində onlayn yarış və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənarda qalmamasını təmin edib. Muxtar respublikada pandemiya ilə bağlı vəziyyətin sabit olması imkan verdi ki, Azərbaycan çempionatı Naxçıvanda keçirilsin.
Bildirilib ki, Azərbaycanda şahmata olan dövlət qayğısı daim hiss olunur, şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Bu gün Azərbaycan şahmatçıları dünyada sayılıb-seçilən şahmatçılardandır. Növbəti Azərbaycan çempionatının uğurla keçirilməsi bir daha şahmata olan qayğının bariz nümunəsidir. Bundan əvvəl şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatı artıq uğurla yekunlaşıb. İnanırıq ki, qadınlar arasında keçiriləcək yarış da gərgin mübarizə şəraitində, olduqca maraqlı və yaddaqalan olacaq.
Seymur Talıbov çempionatda iştirak edən hər bir qadın şahmatçıya uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə Bakıdan kənarda Azərbaycan çempionatının daha maraqlı və yüksək səviyyədə keçirildiyini vurğulayan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qonaqpərvərliyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, növbəti çempionatın muxtar respublikada keçirilməsinin başlıca səbəbi məhz Naxçıvanda daxili turnirin beynəlxalq turnir səviyyəsində təşkil olunması, eyni zamanda, ənənəvi Naxçıvan Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə təşkilidir. Naxçıvanda şahmatın yüksəliş mərhələsində olduğunu vurğulayan Faiq Həsənov bildirib ki, hazırda muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Yarışın baş hakimi Emin Hacıyev iştirakçılara nailiyyətlər arzulayıb, yarışın qaydaları haqqında məlumat verib.
Sonra qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb.