“Atletiko” klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.
“Report”un məlumatına görə, Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv buna La Liqanın sonuncu – XXXVIII turunda nail olub. Səfərdə “Valyadolid”ə 2:1 hesabı ilə qalib gələn “matrasçılar” xalını 86-ya yüksəldib. Hesabı 18-ci dəqiqədə meydan sahiblərindən Oskar Plano açsa da, Anxel Korrea 57-ci, Luis Suares isə 67-ci dəqiqədə fərqlənərək, madridlilərin əzmkar qalibiyyəti təmin edib.
Paytaxtın digər təmsilçisi “Real Madrid”i isə evdə “Vilyarreal”a eyni hesabla qalib gələrək, liderdən 2 xal geri düşüb və gümüş medala sahib olub. Bu görüşdə də hesabı rəqib komandadan Yeremi Pino 20-ci dəqiqədə açıb. 58-ci dəqiqədə Kərim Benzemanın topu VAR sisteminə müraciət edildikdən sonra hesaba alınmasa da, 87-ci dəqiqədə o, rəsmən qol müəllifi olub. Qələbə topunu isə 90+2-ci dəqiqədə Luka Modriç vurub.
Bürünc medalı isə bu tur səfərdə “Elçe”ni 1:0 hesabı ilə məğlub edən “Barselona” 79 xalla əldə edib. Yeganə qolun müəllifi 81-ci dəqiqədə Antuan Qrizmann olub.
Qeyd edək ki, “Atletiko” sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğu qazanıb.