Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.
“Report”un xəbərinə görə, marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.
Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.
Videoyayım formatında təşkil ediləcək marafon mayın 25-də saat 21:00-dan 23:00-dək Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.
Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.
Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.