Ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
“Report” xəbər verir ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahanlar 16 şəhər və rayonda keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 98 imtahan binası, 1605 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 1945 nəzarətçi-müəllim, 196 buraxılışı rejimi əməkdaşı (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 20438 şagirdin iştirakı gözlənilirdi.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən iştirakçıların bədən hərarətləri normaya uyğun olub.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.