Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli bu gün 73 yaşında dünyasını dəyişib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.
Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. O, M.A.Əliyev adına ADİİ-nun Mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2008-ci ildə isə Azərbaycanın “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!