Təhsil Tələbə Kredit Fondu krediti iki meyar üzrə verəcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, ilk növbədə sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək.
Onun sözlərinə görə, öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq: “Daha sonra isə fondun maliyyə imkanları nəzərə alınaraq digər tələbələrə də kreditlər verilə bilər. Lakin əsas məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti də artırılsın. Bu baxımdan əgər tələbənin akademik göstəriciləri yüksəkdirsə, ilk növbədə onlara kredit veriləcək”.
Nazir bildirib ki, həm dövlət, həm də özəl universitetlərdə oxuyan tələbələr Təhsil Tələbə Kredit Fondunun imkanlarından faydalana biləcək:
“Harada oxumağı tələbə özü seçir. Fəaliyyət üçün lisenziyası olan istənilən universitetdə oxuyan tələbələr Fondun imkanlarından faydalana biləcəklər”.