“Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı protokol imzalayıb. Yeni körpünün tikilməsi ilə bağlı razılaşmanın icrası davam etdirilir”.
Bunu “Report”a açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.
Onun sözlərinə görə, Astaraçay üzərində körpü müştərək şəkildə tikiləcək və dəyəri 4,7 milyon avro olacaq.
“İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin Azərbaycana səfəri çərçivəsində protokol imzalanıb. Tərəflər arasındakı razılığa əsasən körpü bir il ərzində tikilməlidir. Bu körpü Şimal-Cənub nəqliyyat dəhlizində İranla Azərbaycanın yol inrafstruktununu birləşdirən ən mühüm nöqtədir. Hazırda Astaraçay üzərində dəmir körpü var. Həmin körpü ikinci dünya müharibəsi dövründə tikilib. Bu körpü iki ölkə arasında yük mübadiləsi və tranziti üçün yetərli deyil. İranla Azərbaycan arasında ticarət dövriyyəsi getdikcə artır. Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanla İran böyük rol oynayır. Bu baxımdan yeni bir körpünün tikilməsinə ehtiyac var”, deyə səfir bildirib.
O deyib ki, əsas məqsəd iki ölkə arasında nəqliyyat infrastrukturunun bir neçə növündən, o cümlədən dəmir, avtomobil yolu və dəniz nəqliyyatından daha yüksək səviyyədə istifadə edilməsidir.
“İranda Prezident seçkilərindən əvvəl istədik ki, ölkə başçısının Həsən Ruhaninin dövründə olan iqtisadi fəaliyyəti yekunlaşdıraq və hansı nəticələrin əldə edilməsi ilə bağlı yekun nəticəyə gələk. Bununla bağlı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfərə getdi. Tehranda bir sıra rəsmi görüşlər keçirilib. Daha sonra isə İranın üç naziri Azərbaycana səfərə gəldi”, – səfir xatırladıb.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 % artaraq 164 milyon 429 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 % azalaraq 8 milyon 404 min ABŞ dolları, İrandan Azərbaycana idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 % artaraq 155 milyon 891 min ABŞ dolları təşkil edib.