“Avro-2020”yə ev sahibliyi edən 11 ölkədə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, uşaqlar arasında yeni oyun formatı yaratmaq və digər məqsədlərlə həmin şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) üçün UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Build Bridges” layihəsi həyata keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, iştirakçılar platformada həmin yarışlara qatılaraq, öncədən müəyyən olunmuş kriteriyalar (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) üzrə hərəkətləri təkrarlayaraq, bununla bağlı çəkdikləri qısa videoları həmin platformaya yükləyiblər.
UEFA-nın nümayəndələri Ludolf Frank, Qrieve Stuart Uilliam, Marquard Ulf-Rauno və Ceyms Aşleyin iştirakı ilə 11 ölkənin futbol dərsi layihəsinin koordinatorları ilə onlayn yekun toplantı keçirilib və qalib ölkənin adı açıqlanıb.
On bir ölkə arasında qalib olan məktəbli futbol dərsi layihəsində iştirak edən 189-190 saylı orta məktəbin şagirdi Fərhad Hüseynovdur.
Qalib gələn məktəbə və iştirakçıya UEFA tərəfindən hədiyyələr göndəriləcək. Ümumilikdə isə layihədə iştirak edən bütün məktəblərə Ludolf Frank tərəfindən imzalanmış diplom göndərilib.
İyunun 23-də AFFA-nın inzibati binasında texniki direktor Cahangir Həsənzadə ilə kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov layihənin qalibi Fərhad Hüseynov və məşqçisi Namiq Cəfərovla görüşüb, onlara AFFA-nın hədiyyələrini təqdim ediblər. Həmçinin hər iki şəxsə “Avro-2020”nin iyulun 3-də Bakı Olimpiya Stadionun keçiriləcək dörddəbir final mərhələsinin oyununa dəvətnamə veriləcək.