Qarabağda münaqişə Rusiyanın həlledici töhfəsi sayəsində dayandırılıb. Regionda sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət verən rusiyalı sülhməramlılar humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görürlər.
AZƏRTAC xəbər verir ki, bu barədə RF Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına videomüraciətində deyib.
RF Prezidenti qeyd edib ki, Rusiya möhkəm tarixi, mədəni, insani əlaqələrlə bağlı olduğu qonşu ölkələrin təhlükəsizliyi və tərəqqisi naminə öz üzərinə götürdüyü məsuliyyəti heç vaxt yaddan çıxarmır.
O deyib: “Biz ümumi qitəmizdə regional münaqişələrin dayandırılmasına, sülhün və sabitliyin möhkəmlənməsinə bundan sonra da kömək etmək niyyətindəyik”.
Rusiya dövlətinin başçısı, həmçinin Suriya münaqişəsinin nizamlanması barədə xatırladaraq qeyd edib ki, Türkiyə və İranla Astana formatı çərçivəsində siyasi-diplomatik fəaliyyət BMT-nin himayəsi altında Suriya münaqişəsinin nizamlanması prosesini başlamağa imkan verdi.