Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.
Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.
Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.