UNESCO-nun Şərqi Avropa ölkələrindən ibarət II Seçki Qrupuna Azərbaycanın sədrliyi başlayıb.
AZƏRTAC xəbər verir ki, UNESCO yanında Daimi Nümayəndəliyimiz ölkəmizin sədrliyi çərçivəsində ilk iclası təşkil edib.
UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev iclası açaraq gündəliyi təqdim edib. Gündəlik qəbul edildikdən sonra Küveyt və Albaniyanın UNESCO yanında daimi nümayəndələrinin çıxışları dinlənilib.
İclas çıxışlar ətrafında fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, qurumun İcra Şurasındakı yerlərin coğrafi bölgüsündə tarazlıq yaratmaq üçün UNESCO-nun üzv dövlətləri regional Seçki Qruplarda birləşdirilir. İcra Şurasında 6 seçki qrupu var. İcra Şurasına 58 üzv dövlət bu regional qruplaşma sisteminə görə seçilir və hər bölgəyə Şuranın idarə heyətində müəyyən yer ayrılır.