Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunandan sonra düşdüyü vəziyyətlə bağlı yayılan videolar nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov AZƏRTAC-a bildirib ki, ərazi üzrə dərhal Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər. Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq, ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət olunublar.
Arzu Mehtiyeva və Valeh Balacayevin narkotik maddələr aludəçisi olub-olmadıqlarını müəyyənləşdirmək üçün onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər. Onların narkotik vasitələr aludəçisi olduqları təsdiq edilsə, həmin şəxslər məhkəmənin qərarı ilə məcburi qaydada müalicəyə göndəriləcəklər. Bundan sonra ailənin azyaşlı övladının gələcək taleyi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasında qərar qəbul ediləcək.