Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı müzakirələr keçirilir.
Turk.az-ın məlumatına görə, Avropa ölkələrindən toplanan diaspor təşkilatları, bir sıra ölkələrin siyasətçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayı çərçivəsində olacaq.
Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycandan bir sıra aparıcı KİV-lərin rəhbərləri iştirak edir.
AAK prezidenti Sahil Qasımov bildirib ki, müzakirələr zamanı Azərbaycan prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində 100 illiyin qeyd edilməsi ilə əlaqədar tədbirlər planı qəbul ediləcək. Eyni tədbirlər planı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri barədə qəbul olunacaq. Tədbirlər planında Avropa ölkələrinin rəsmi dairələrində soyqırımı ilə bağlı hüquqi sənədlərin tanınması, qanunverici orqanlarda sənədlərin müzakirəsi və s. məsələlər yer alır.