AMEA Arxeologiya və Etnoqrafiya İnstitututunun İctimaiyyətlə Əlaqələr şöbəsindən saytımıza verilən xəbərə görə,2018-ci ilin avqust ayı ərzində “Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya Beynəlxalq ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığında yerləşən Qurbantəpə və Dərə Yataq adlı abidələrdə arxeoloji tədqiqatlar aparmaqdadır.
Qurbantəpə abidəsində araşdırmalar e.ə. V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında davam etdirilir. Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitututunun əməkdaşları – ekspedisiyanın rəhbəri aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunmuşdur. Beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münhen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru professor, doktor Florian Knauss və Lüdviq Maksimilian ad. Münhen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament koordinatoru, doktor Kai Kaniuth təmsil edirlər.
Ekspedisiyanın rəhbəri t.ü.f.d. Emil İsgəndərovun verdiyi məlumata görə, öz ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlayıb. Bu ilki qazıntılar zamanı əldə olunan nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb.
Ekspedisiya rəhbəri Emil İsgəndərovun verdiyi məlumata görə, sütun altlıqlarının bir neçəsi yerində tamamlanmamış formada aşkar edilib. Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda tamamlanmamış sütun altlıqlarının aşkar edilməsi bu sarayın tikilişinin sona qədər çatmaması haqqında fikiri irəli sürməyə imkan yaradır. Bunu da regionda baş vermiş beynəlxalq siyasi hadisələrlə bağlamaq olar.