Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunan ikiseriyalı film istehsal olunub.
“Report” xəbər verir ki, “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir.
Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən – şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.
Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir.
Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.
Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Filmdə baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.
“Beşatılan”ın 1-ci bölümünə sentyabrın 28-də saat 21:50-də, ikinci seriyasına isə sentyabrın 29-da saat 21:50-də Mədəniyyət TV-də baxa bilərsiniz. Filmi canlı olaraq Mədəniyyət TV-nin feysbuk səhifəsindən də izləyə bilərsiniz.