Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına müraciət edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 29-da təhsilin bütün pillələri üzrə əyani tədrisin bərpa olunması ilə əlaqədar küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmaları, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmələri tövsiyə olunur. Sürücülər təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırılır. Bildirilir ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Həmçinin müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq zəruri qabaqlayıcı tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda, rahat çatması məqsədilə bir sıra tapşırıqlar verilib. Daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslararası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb.