Hüquqazidd çağırışlar edən şəxslər barədə müvafiq tədbirlər görülüb.
Trend-in Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə, məlum olduğu kimi, 27 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsi zamanı həlak olmuş vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq respublikamızın şəhər və rayonlarında anım tədbirləri keçirilib. Tədbirlərdə xalqımızın haqq savaşında canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad olunub, məzarları ziyarət edilib.
Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub.
Qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınmış, dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər.
Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.