Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər saat 20:00-da yekunlaşıb, səslərin hesablanması başlayıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-dək seçicilərin 1446218 nəfəri və ya 41,35 faizi səsvermədə iştirak edib. Seçkilər baş tutmuş hesab olunur.
Qeyd edək ki, seçicilər ümumilikdə 73 dairə seçki komissiyasının 3743 məntəqəsində keçirilib. Seçici siyahılarında 3 milyon 497 min 345 seçicinin adı daxil edilib. Gürcüstan vətəndaşları gün ərzində növbəti dörd il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) 2068 deputat seçiblər.
Səsvermənin gedişini seçici subyektləri tərəfindən 21 min 483 müşahidəçi, 100 yerli müşahidə missiyası tərəfindən 31 min 310 müşahidəçi, 52 beynəlxalq təşkilat və ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən isə 1024 müşahidəçi izləyib.
Səslərin 50 faizindən çoxunu yığan namizəd qalib hesab olunur. Əks-təqdirdə konkret şəhər və ya rayonda iki həftə sonra seçkilərin ikinci turu keçiriləcək.
Hakim “Gürcü arzusu” partiyası və “Vahid milli hərəkat” partiyası iddia edirlər ki, onlar seçkilərdə qalib gəlirlər.