“Lukoil” Açıq Səhmdar Cəmiyyəti “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” layihəsindəki 15,5 faizlik payını alır.
Trend-in məlumatına görə, bu barədə ASC-nin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, iki şirkət arasında müqavilənin dəyəri 2,25 milyard ABŞ dolları təşkil edəcək. Müqavilənin SOCAR-la razılaşdırıldıqdan və bütün şərtlərin yerinə yetirilməsindən sonra imzalanacağı gözlənilir.
Müqavilə imzalandıqdan sonra “Lukoil”in “Şahdəniz” layihəsindəki payı 10 faizdən 25,5 faizədək artacaq.
Şirkətin prezidenti Vahid Ələkbərov açıqlamasında bildirib ki, 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə Fəaliyyət Planının icrasına “Lukoil” dəd daxil olmaqla, Rusiya kapitalı olan minə yaxın şirkət inteqrasiya edilib:
“Şahdəniz” layihəsində iştirak payımızın artması milli iqtisadiyyatların perspektivli sektorlarında sinerji üçün yeni imkanlar açır. Son 25 il ərzində “Lukoil” ciddi hasilat və nəqliyyat infrastrukturu yaratmaqla bizim üçün strateji bir bölgə olan Xəzər dənizində böyük təcrübə toplayıb. Və biz fəxr edirik ki, Xəzəryanı dövlətlər, neft və qaz hasilatının liderləri prioritet beynəlxalq layihələrin həyata keçirilməsində bizə etibar edirlər”.