“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Qeyd edək ki, koronavirusun daha yoluxucu “delta” ştamının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.
Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya və İsveçrədə də artıq üçüncü gücləndirici doza ilə vaksinasiyaya start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini üçüncü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.
Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.