Odre Azule yenidən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə seçilib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Məlumata görə, onun namizədliyi çərşənbə axşamı YUNESKO Baş Konfransının Parisdəki qərargahında keçirilən 41-ci sessiyası çərçivəsində dəstəklənib.
O, 2017-ci ilin oktyabrında təşkilatın rəhbəri seçilib. Baş direktorun yeni mandatı 2022-ci ilin yanvarında başlayacaq.
Azule fəal rəhbər kimi seçilir. Təşkilat onun YUNESKO-ya rəhbərlik etdiyi müddətdə İraqın şimalındakı Mosul şəhərinin yenidən qurulmasında iştirak edib, mədəni irsin bərpasında Livana yardım edib, həmçinin koronavirus pandemiyası zamanı mədəniyyət və təhsilə dəstək aksiyalarının keçirilməsində iştirak edib. O, son dörd il ərzində bir sıra xaricə səfərlər edib. Azulenin vurğuladığı kimi, təşkilata rəhbərlik etdiyi ilk addımlardan başlayaraq, dayanıqlı sülh yaratmaq üzərində işləməyi əsas vəzifə hesab edir.
O, 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın mədəniyyət və kommunikasiyalar üzrə müşaviri olub. 2016-cı ilin fevralından 2017-ci ilin mayına qədər mədəniyyət və kütləvi kommunikasiyalar naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, İkinci Dünya Müharibəsinin başa çatmasından az sonra yaradılan YUNESKO hazırda 193 dövləti və 11 assosiativ üzvü – xarici siyasətə cavabdeh olmayan əraziləri birləşdirir. YUNESKO dünya mədəni irsinin əsas qoruyucusu rolunu oynayır. Onun proqramları təhsilin, təbiət və humanitar elmlərin, mədəniyyətin, kommunikasiyaların inkişafına yönəlib. Təşkilatın işçi dilləri ingilis, fransız, rus, çin, ispan və ərəbdir.