Milli Məclisdə 2022-ci ilin büdcə zərfinə daxil olan qanunlar üçüncü oxunuşda qəbul edilib

Dekabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən poliqonda qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbçimizin isə yaralandığını bildirib, həlak olanlara Allahdan rəhmət diləyib, yaralı hərbi qulluqçularımıza şəfa arzulayıb.

Sonra helikopter qəzasında şəhid olan hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sahibə Qafarova parlament nümayəndə heyətinin noyabrın 24-dən 26-dək Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərdə olduğunu, MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etdiyini diqqətə çatdıraraq deyib: “Azərbaycan parlamenti nümayəndə heyəti noyabrın 25-də keçirilən beynəlxalq konfransda iştirak etdi. Konfransda müzakirə olunan əsas məsələ “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” idi. Konfransdakı çıxışımda digər məsələlərlə yanaşı, Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal səylərə verdiyi töhfələr, ölkəmizdə bu bəla ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər və səhiyyə sistemində qazanılan uğurlar haqqında da məlumat verdim”.

Milli Məclisin sədri noyabrın 26-da MDB Parlamentlərarası Assambleyasının 53-cü plenar iclasında çıxışında bir sıra məsələlərə münasibət bildirməklə yanaşı, 44 günlük Vətən müharibəsində Qələbə sayəsində azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlandığı barədə də məlumat verib. Bildirilib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası barədə Ermənistana bir sıra təkliflər verib. Biz regionda sabitlik və firavanlıq, müharibə barədə deyil, sülh və gələcək haqqında danışmaq istəyirik.

Sankt-Peterburqa səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko, Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqe ilə aparılan danışıqlar səmərəli olub.

Milli Məclisin sədri qeyd edib ki, görüşlərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında da məlumat verilib, eyni zamanda, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi mühüm məqamlara toxunulub.

Daha sonra noyabrın 26-dan 28-dək Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirakla əlaqədar İspaniyanın paytaxtı Madridə işgüzar səfəri barədə məlumat verən Sahibə Qafarova bildirib ki, noyabrın 27-də Parlamentlərarası İttifaqın 143-cü Assambleyası keçirilib. Toplantıda “Demokratiyanın üzləşdiyi müasir çağırışlar” mövzusunda müzakirələr aparılıb. O, Assambleyada çıxış edərək bildirib ki, hazırda yaşadığımız dövr öz mürəkkəb çağırışları ilə dünya birliyinin üzərinə ağır yük qoyur. Qeyd edib ki, milli parlamentlər də fəaliyyətlərini yeni şəraitin tələblərinə uyğun şəkildə qurmalıdırlar. Dünya birliyi əvvəlki təcrübəsinə əsaslanaraq pandemiya şəraitində növbəti addımlara hazır olmalı və COVID-dən sonrakı bərpa mərhələsinə daha çox diqqət yetirməlidir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT çərçivəsində COVID-19-a qarşı yüksəksəviyyəli qlobal bərpa paneli yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu panel pandemiyadan sonrakı dövrdə qlobal səviyyədə görüləcək tədbirlərə dair tövsiyələrin hazırlanmasına yönəlməlidir.

Sahibə Qafarova Assambleyadakı çıxışında 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu, bu münaqişənin artıq tarixə qovuşduğunu bildirib. Deyib ki, indi suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipinə əsasən, sülh sazişi üzərində işə və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq lazımdır.

O, həmçinin ümidvar olduğunu ifadə edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 26-da keçirilmiş son görüşü nəzərəçarpacaq nəticələr verəcək, sülh sazişinin imzalanmasına və regionda kommunikasiyaların bərpasına yol açacaq. Vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edilməsi bizə bu ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlamağa imkan verib. Bu işlər Azərbaycanın 1 milyon məcburi köçkününün öz yurdlarına qayıtmasını təmin edəcək.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, noyabrın 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını Milli Məclisin sədri kimi Sahibə Qafarova açıb. Çıxışında qeyd edib ki, 60 il əvvəl yaradılan Qoşulmama Hərəkatının təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlüyü dünyada ikinci ən böyük beynəlxalq təsisatın formalaşmasına gətirib çıxarıb.

Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş Zirvə Toplantısında dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının iştirakçısı olan dövlətlərin parlament üzvləri ilə qarşılıqlı əlaqəni, əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlament üzvlərinin mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. S.Qafarova bildirib ki, təsis edilən Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına, təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər.

Milli Məclisin sədri qeyd edib ki, Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşməsinə parlament dəstəyi verəcək. Bu təsisat hamımızı narahat edən məsələlərin həllinə parlament töhfəsini verməkdə forum rolunu oynayacaq. Çoxtərəfliliyin yayılması üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq.

Milli Məclisin sədri bildirib ki, onun moderatorluğu ilə təsis iclasında 17 nəfər çıxış edib. Parlamentlərarası İttifaqın sədri, Parlamentlərarası İttifaqın Baş katibi, Türkiyə Böyük Millət Məclisinin sədri, Pakistan Milli Assambleyasının sədri, İndoneziya Nümayəndələr Şurasının sədri, Namibiya Milli Assambleyasının sədri, Nepal Nümayəndələr Palatasının sədri, Mərakeş Parlamentinin sədri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini, İran parlamentinin sədr müavini, Yəmən parlamentinin sədr müavini, eləcə də Misir, Hindistan, Kuba və bir neçə ölkələrin parlamentlərinin nümayəndələri, beynəlxalq təşkilatların Baş katibləri və digərləri çıxışlarında Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasının vacibliyini vurğulayaraq təşkilata uğurlar arzulayıblar. İclasın sonunda Parlamentlər Şəbəkəsinin təsis edilməsinə dair Madrid Bəyannaməsi qəbul olunub.

Sahibə Qafarova Parlamentlər Şəbəkəsinin növbəti tədbirinin gələn il Bakıda keçiriləcəyini diqqətə çatdırıb. Madriddə keçirilən ikitərəfli görüşlərdən bəhs edən Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər, Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi ilə və digər danışıqlar zamanı əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə olunduğunu deyib.

Plenar iclasda səfərlər barədə məlumatlar dinlənildikdən sonra 33 məsələdən ibarət gündəlik təsdiqlənib. Milli Məclisin sədri gündəliyin ilk 22 məsələsinin büdcə zərfinə daxil olan qanun layihələri olduğunu bildirib.

İclasda gündəlikdəki məsələləri təqdim edən komitə sədrləri və çıxış edən deputatlar uğurlu keçən Sankt-Peterburq və Madrid səfərləri münasibətilə parlament nümayəndə heyətlərini təbrik ediblər. Vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunması tarixi hadisədir, Azərbaycanın beynəlxalq aləmdə böyük uğurudur. Deputatlar Madrid Bəyannaməsinin qəbul olunmasını yüksək qiymətləndiriblər.

Plenar iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirilib ki, müstəqil Azərbaycanın manat ifadəsində ən böyük büdcəsi kimi xarakterizə olunan 2022-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrində və plenar iclaslarda ətraflı və geniş müzakirə olunub. Maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumat veriblər, müzakirələrdə fəal iştirak ediblər.

Vurğulanıb ki, büdcə müzakirələri dövlət başçısının tövsiyələrinə və dövrün tələblərinə uyğun olaraq bu il daha əhatəli, inklüziv formada təşkil edilib, deputatları maraqlandıran suallara dövlət orqanları, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən müvafiq cavablar və izahatlar verilib.

Komitə sədri qeyd edib ki, 2022-ci il dövlət büdcəsinin peşəkar müzakirələri Milli Məclislə hökumət arasında olan səmərəli əməkdaşlığın mühüm göstəricilərindən biridir. Dövlət büdcəsinin və icmal büdcənin layihələri parlamentin plenar iclaslarında birinci və ikinci oxunuşda deputatlar tərəfindən müsbət qiymətləndirilib. Bildirilib ki, dövlət başçısı tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində Azərbaycan iqtisadiyyatının 2021-ci ildə bütün sahələrdə artım müşahidə etdirməsi 2022-ci ildə iqtisadiyyatımızın bu artım mərhələsini davam etdirəcəyini proqnozlaşdırmağa imkan verir. Makroiqtisadi sabitliyin, zəruri təhlükəsizliyin və sosial şəraitin inkişaf etdirilməsi ilə bağlı 2022-ci ildə planlaşdırılan tədbirlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş maliyyə vəsaitləri deputatlar tərəfindən razılıqla qarşılanıb.

Qeyd olunub ki, gələn ilin dövlət və icmal büdcəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb, ictimai müzakirələr üçün açıq dərc edilib. KİV-də çıxış edən deputatlar, ekspertlər 2022-ci il dövlət büdcəsinin layihəsini qarşıda duran çağırışlara və ölkənin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənəd kimi qiymətləndiriblər.

İşğaldan azad olunmuş ərazilərin sürətlə iqtisadiyyatımıza inteqrasiya olunması üçün büdcədə nəzərdə tutulan maliyyə vəsaitini xüsusi qeyd edən Tahir Mirkişili bildirib ki, Hesablama Palatası da büdcə layihəsinə müsbət rəy verib.

Deputatların nəzərinə bir daha çatdırılıb ki, 2022-ci ilin dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, büdcənin xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 milyon manata çatdırılıb. Gələn il üçün büdcə kəsiri 3 milyard 63 milyon manat, inflyasiya 4 faiz, ÜDM-in real artım tempi 3,9 faiz, neftin 1 barelinin qiyməti 50 dollar məbləğində nəzərdə tutulub.

Deputatların bir sıra təkliflərinin hökumət tərəfindən nəzərə alındığını vurğulayan komitə sədri layihələrdə aparılmış dəyişikliklər barədə də Milli Məclisə ətraflı məlumat verib. Üçüncü oxunuşda müzakirəyə çıxarılmış dövlət büdcəsi layihəsinin 2022-ci il üçün ölkəmizin qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə, o cümlədən sosial təhlükəsizlik istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını bildirib.

İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Plenar iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsini təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, nəzərdə tutulan büdcə gələn il sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızın sosial rifahının qorunub saxlanılmasına və yaxşılaşmasına imkan verəcək. Həmçinin 2022-ci ildə pensiyaların, müavinət və təqaüdlərin, ünvanlı sosial yardımın həcminin və digər sosial ödənişlərin artırılmasına, eləcə də vətəndaşların sosial rifahının daha yaxşı təmin olunmasına şərait yaradacaq.

İclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Parlamentdə “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev nəzərə çatdırıb ki, bu büdcə gələn il işsiz vətəndaşlarımızın böyük bir qrupunun özünüməşğulluqla təmin olunmasına şərait yaradacaq. Büdcədə 17 minə yaxın ailənin özünüməşğulluq proqramını maliyyələşdirmək üçün imkanlar var. Onların arasında əsas yeri şəhid ailələri, Qarabağ qaziləri və digər sosial müdafiəyə ehtiyacı olan şəxslər tutacaq.

Deputatlar üçüncü oxunuşda səsə qoyulan “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini dəstəkləyiblər.

“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) qanun layihəsi barədə komitə sədri Tahir Mirkişilinin məlumatı dinlənildikdən sonra məsələ səsə qoyulub və qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən komitə sədri Musa Quliyev bir daha qeyd edib ki, 2022-ci ildə ehtiyac meyarının həddi 30 manat artırılaraq 200 manata çatdırılıb. Bu, 17,6 faiz artım deməkdir. Bildirib ki, bu artım yoxsul vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlı sosial yardım alan vətəndaşlarımız üçün həm adambaşına, həm də ailəyə düşən vəsaitin həcminin artırılmasına imkan verəcək, eyni zamanda bu proqrama cəlb olunan vətəndaşların sayının da artırılmasına şərait yaradacaq. Eyni zamanda, bu artım imkan verəcək ki. biz yaxın dövrdə ehtiyac meyarından imtina edərək onu yaşayış minimumuna bərabərləşdirək.

Səsvermə zamanı deputatlar “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini də üçüncü oxunuşda təsdiqləyiblər.

Plenar iclasda büdcə zərfindəki növbəti qanun layihələri barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat veriblər. İclasda fikir mübadiləsi aparılıb, qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və qəbul edilib.

Parlamentdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul olunub.

Deputatlar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda müsbət münasibət bildiriblər.

İclasda “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi də üçüncü oxunuşda təsdiqlənib.

Plenar iclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda, həmçinin “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinə də üçüncü oxunuşda müsbət münasibət bildirilib.

Büdcə zərfinə daxil olan qanun layihələri qəbul edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda çıxış edib.

Baş nazir Əli Əsədovun
çıxışı

-Hörmətli xanım sədr.

Hörmətli deputatlar.

Hər birinizi salamlayıram. İlk növbədə, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə səmərəli və fəal müzakirəsindən məmnunluğumu bildirmək istərdim.

Deputatlara qaldırdıqları aktual məsələlərə, suallarına, dəyərli təklif və tövsiyələrinə görə təşəkkürümü bildirirəm. Eyni zamanda, büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə xanım şəxsən sizə, müvafiq komitə sədrlərinə, Hesablama Palatasına öz adımdan və Hökumət üzvləri adından minnətdarlığımı çatdırıram.

İstər plenar, istərsə də komitə iclaslarında deputatların verdiyi suallar Hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri tərəfindən cavablandırılmışdır. Mən də qaldırılan bəzi məsələlərə münasibətimi bildirmək istərdim.

Xüsusilə vurğulamaq istərdim ki, təqdim olunan 2022-ci il dövlət büdcəsi miqyasına görə – istər gəlir və xərclərin həcminə, istər sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir.

Hamımız böyük fəxr və qürur hissi keçiririk ki, bir il bundan əvvəl işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilmişdir. Böyük Qələbədən sonra yaranmış siyasi və sosial-iqtisadi şəraitin şərtləndirdiyi yeni çağırışlar təbii olaraq əsas maliyyə sənədimiz olan dövlət büdcəsinin layihəsində nəzərə alınmışdır.

Vətən müharibəsində tarixi Qələbə ilə yaranan yeni inkişaf çağırışlarını nəzərə alaraq, dövlətimizin başçısı tərəfindən 2021-ci il 2 fevral tarixində “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncam imzalanmış və Hökumətə “2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı müvafiq tapşırıq verilmişdir. Strategiya layihəsinin hazırlanması artıq başa çatdırılmış və təsdiq üçün Azərbaycan Prezidentinə təqdim edilmişdir.

Xüsusilə vurğulamaq istərdim ki, Hökumət növbəti ildə də

– iqtisadi fəallığın təmin edilməsini;

– makroiqtisadi sabitliyin qorunmasını və milli valyutanın məzənnəsinin dayanıqlığının artırılmasını;

– sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıl davam etdirilməsini;

– işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidənqurmasını və ölkə iqtisadiyyatına reinteqrasiyasını;

– ölkəmizin hərbi qüdrətinin daha da artırılmasını;

– təhsil və səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsini;

– ərzaq təhlükəsizliyinin təmin edilməsini;

– iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasını əsas prioritet vəzifələr kimi müəyyən etmişdir.

Ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdən biridir.

Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, Ordumuzun müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər üçün maliyyə təminatının yaradılması Hökumət üçün əsas prioritet xərclər sırasındadır.

Azərbaycanda infrastrukturun gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, kommunal, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük həcmli kompleks layihələr həyata keçirilir.

Deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri regionlarda bu qəbildən olan məsələlərin həlli üçün təkliflərlə çıxış edirlər.

Bildirmək istərdim ki, bu məsələlər Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır, onların vaxtında həll edilməsi üçün Hökumət tərəfindən məqsədyönlü işlər görülür.

Deputatların qaldırdığı məsələlərdən biri də qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər hansı region yoxdur. Halbuki, bir müddət əvvəl qaz təchizatı olmayan rayon və şəhərlərin sayı kifayət qədər çox idi. Rayonlar üzrə hər hansı ayrı-seçkiliyə yol verilmədən ölkə ərazisində qazlaşdırmanın başa çatdırılması Hökumətin əsas hədəflərindən biridir.

Onu da qeyd etmək istərdim ki, bəzi qonşu ölkələr, o cümlədən dünyanın ən böyük qaz ixracatçısı ancaq indi öz ərazilərinin qazlaşdırılması ilə bağlı proqram üzərində işləyirlər. Azərbaycanda isə qazlaşdırmanın səviyyəsi 96,3 faiz təşkil edir.

Ümumiyyətlə, ölkə üzrə 2,4 milyondan artıq abonent mövcuddur və onların 95,5 faizi əhalidir. 2457 yaşayış məntəqəsi, o cümlədən 61 şəhər, 228 qəsəbə, 2168 kənd qazlaşdırılıb.

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra artıq ölkəmiz gələcəyə baxır və bölgəmizdə əməkdaşlıq haqqında düşünür. Bu baxımdan nəqliyyat layihələrinin həyata keçirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Regionda bütün kommunikasiyaların açılması tranzit ölkə olaraq Azərbaycanın iqtisadi maraqlarına xidmət edəcək və bölgənin nəqliyyat mərkəzi kimi ölkəmizin mövqeyini daha da möhkəmləndirəcək. Qısa müddət ərzində istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı və tikilməkdə olan Zəngilan və Laçın hava limanları bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Dünya ölkələrinin əksəriyyətində dərin iqtisadi tənəzzülə yol açan COVID-19 pandemiyası hələ də davam edir, daha yüksək yoluxdurma sürətinə malik ştamlar yayılır. Növbəti ildə də pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi tərəfimizdən davam etdiriləcək, vaksinasiya prosesinin daha səmərəli və sürətlə aparılması, zəruri vaksin təminatının yaradılması məqsədilə tədbirlər həyata keçiriləcək. Bu məqsədlə növbəti ilin dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur (350 milyon manat).

Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bu günədək 433 milyon manat vəsait ayrılmışdır. İndiyədək isə COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 milyard manatdan çox vəsait yönəldilmişdir.

Bildiyiniz kimi, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin Hökumət qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, 2022-ci ilin dövlət büdcəsinin 46 faizi (cari xərclərin 69 faizi) sosialyönümlüdür.

Növbəti ildə də əhalinin sosial rifahının qorunmasına və sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi nəzərdə tutulmuşdur. Belə ki, ölkədə əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, habelə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli maliyyə təminatı yaradılmışdır.

Möhtəşəm Zəfərimizin qazanılmasını təmin edən Vətən müharibəsi qəhrəmanlarının və müharibə əlillərinin, həmçinin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması gündəlik olaraq Hökumətin diqqət mərkəzindədir.

Deputatlar tərəfindən qaldırılan vacib məsələlərdən biri – dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılmasına nəzarət, büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunması üçün maliyyə intizamı daha da gücləndiriləcək.

İşğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlbi ilə bağlı tələb olunan xərclər də nəzərə alınmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün növbəti ilin dövlət büdcəsində böyük həcmdə vəsait nəzərdə tutulmuşdur.

Deputatlar haqlı olaraq qeyd edirlər ki, bəzi hallarda bir çox sahələrə verilən əhəmiyyətli güzəşt və subsidiyalara baxmayaraq, lazımi nəticələr əldə olunmur. Qeyd etmək istəyirəm ki, subsidiyaların verilməsi mexanizminə nəzarət ciddi şəkildə gücləndiriləcək.

Bir sıra deputatlar tərəfindən istehlak bazarında müşahidə edilən qiymət artımları barədə əsaslı narahatlıq ifadə edilmişdir. Ötən dövrdə COVID-19 pandemiyasının fəsadları və ölkələrdə davam edən karantin məhdudiyyətləri qlobal işgüzar fəallığın azalmasına və istehsal həcminə mənfi təsir göstərmişdir. Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması qlobal bahalaşmanı şərtləndirir. Qeyd etmək lazımdır ki, istər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq maliyyə institutlarının məlumatına görə dünya üzrə qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatmışdır. Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə olunan bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınmasına, idxaldan asılılıq səviyyəsinin azaldılmasına və ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təşkil edilməsinə xüsusi diqqət yetiriləcək.

Bununla belə, təbii ki, qiymət artımı ilə əlaqədar Hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Mən antiinflyasiya tədbirlərini gücləndirməklə süni qiymət artımının qarşısının alınması ilə yanaşı, ortamüddətli perspektivdə ərzaq təhlükəsizliyinin təmin edilməsini, idxalın əvəzlənməsi sahəsində işlərin sürətləndirilməsini nəzərdə tuturam.

Hörmətli deputatlar, biz Hökumət olaraq büdcənin bu cür konstruktiv və səmərəli müzakirə edilməsində maraqlıyıq, Hökumət ilə parlament arasında büdcə prosesində səmərəli əməkdaşlığın davam etdirilməsi üçün səylər göstərəcəyik.

Büdcə müzakirələri çərçivəsində deputatların qaldırdıqları bütün məsələlər, heç şübhəsiz, Hökumət və aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq, qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək.

Əminəm ki, bu cür əməkdaşlıq və büdcə zərfinin müzakirəsinə belə yanaşma dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsinə, ölkəmizin inkişafına, dövlətimizin tərəqqisinə və xalqımızın rifah halının yüksəldilməsinə dəyərli töhfəsini verəcəkdir.

Çıxışımın sonunda bir daha aparılan işgüzar müzakirələrə, verilən dəyərli təklif və tövsiyələrə görə hörmətli xanım sədr Sizə və bütün deputatlara minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə göstərdiyiniz qanunvericilik fəaliyyətində hər birinizə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclaslarında iştirakına görə Baş nazirə və hökumət üzvlərinə təşəkkür edib, dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında onlara uğurlar arzulayıb.

Sonra gündəlikdəki növbəti məsələlərə baxılıb.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihələri təsdiqlənib.

Sonra deputatlar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə üçüncü oxunuşda müsbət münasibət bildiriblər.

İclasda ikinci oxunuşa təqdim olunmuş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalının, həmçinin “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə iki məsələyə də baxılıb və hər 2 qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin ətraflı məlumatı dinlənildikdən sonra deputatlar “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası qanununun ləğv edilməsi barədə” qanun layihəsinə də müsbət münasibət bildiriblər.

Sonra plenar iclasda birinci oxunuşda müzakirəyə təqdim olunmuş 5 qanun layihəsinə baxılıb. Həmin qanun layihələri barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın şərhləri dinlənilib. Birinci oxunuşa təqdim olunmuş qanun layihələrinin müzakirədən keçdiyi komitələrin rəyləri öyrənilib, fikir mübadiləsi aparılıb.

İclasda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Deputatlar əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hazırlanmış sənədə – “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə də birinci oxunuşda müsbət münasibət bildiriblər.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.14-cü maddəsinə edilən dəyişikliyi şərh edən deputat Arzu Nağıyev bildirib ki, layihəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Fikir mübadiləsindən sonra “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Komitə sədri Qənirə Paşayeva bildirib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub. Adı çəkilən qanunun əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətini tənzimləyən 41-ci maddəsinin 3-cü abzasına əlavə edilən dəyişikliyə görə, dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinin bu qanunun tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilməsini nəzərdə tutur.

Müzakirə zamanı deputatların rəy və təklifləri dinlənilib. Qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Plenar iclasın yekununda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli nəzərə çatdırıb ki, bu qanuna dəyişiklik edilməsi təklifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən irəli sürülmüşdü. Təklifin mahiyyəti ondan ibarətdir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq, müstəsna hallarda hakimlər təyin olunurlar. O şəxslər ki, yüksək mənəvi keyfiyyətlərə, hüquq sahəsində 20 illik iş stajına, xüsusi nüfuza və böyük iş təcrübəsinə malikdirlər, onlar testdən kənar üsulla Məhkəmə-Hüquq Şurasının və Prezidentin təklifi ilə parlamentdə təyin olunublar. Milli Məclisin sədrinin birinci müavini bildirib ki, indiyədək həmin şəxslərin 20 illik iş stajı hakimlik stajına hesablanmırdı. Komitənin bu təşəbbüsü mövcud olan həmin uyğunsuzluğu aradan qaldırmış olur, Maliyyə Nazirliyinin də bu məsələ ilə bağlı müsbət rəyi var. Belə ki, müzakirəyə çıxarılmış layihəyə görə, həmin şəxslərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) əvvəlki iş stajı, habelə elmi və pedaqoji fəaliyyət müddətinin onların hakimlik stajına hesablanması təklif olunur.

Fikir mübadiləsi aparılıb, deputatları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Deputatlar “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinə dəyişikliyi birinci oxunuşda qəbul ediblər.

Bugünkü plenar iclasda aparılan müzakirələrdə deputatlar Sabir Rüstəmxanlı, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Fazil Mustafa, Siyavuş Novruzov, Ziyafət Əsgərov, Etibar Əliyev, Bəhruz Məhərrəmov rəy və təkliflərini diqqətə çatdırıblar.

Bununla da Milli Məclisin iclası başa çatıb.

ƏvvəlkiQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi
NövbətiSərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək