Bakıda düzgün park edilməmiş avtomobillərin dövlət nömrə nişanları yol polisləri tərəfindən çıxarılır.
Bu barədə BAKU.WS-ə şikayətçilər bildiriblər. Qeyd edilib ki, Nərimanov rayonu ərazisində 99 YP 267 nömrə nişanlı avtomobildə xidmət göstərən yol polisi park edilmiş avtomobilin nömrəsini çıxarıb. Şikayətçi bildirib ki, 42 BR 585 dövlət nömrə nişanlı avtomobilin nömrəsi çıxarılıb. Yalnız 102-yə məlumat verildikdən sonra nömrə geri qaytarılıb.
Bundan başqa, sosial şəbəkələrdə də bu kimi faktlarla bağlı şikayət edilib.
Problemlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, dövlət nömrə nişanları yol polisi tərəfindən açıla bilməz:
“Dediyiniz hadisəni qeyd etdim və bu barədə Nərimanov rayon Dövlət Yol Polis İdarəsinə məlumat veriləcək. Hadisə barədə tərəfimizdən araşdırılmalar aparılır”, – deyə Vaqif əsədov bildirib.
Qurum rəsmisi deyir ki, yol polisi əməkdaşlarının fəaliyyəti yalnız qanun çərçivəsində tənzimlənir.
“Bu gün dövlət nömrə nişanları yol polisi tərəfindən açıla bilməz. Bakıda dövlət yol polisi əməkdaşı tərəfindən avtomobillərin nömrələri açılmır. Əgər belə hallar olarsa, mütləq hüquq çərçivəsində tədbirlər görüləcək”.
Ziya SƏCCAD