Göyçayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram satış-yarmarkası təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Sabir parkında və Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbinin qarşısında fəaliyyət göstərən satış-yarmarkaya əvvəlcədən qeydiyyatdan keçən sahibkarlar, habelə fermerlər öz məhsullarını çıxarıblar. Bayram yarmarkasının təşkili sakinlər və qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Yarmarka məhsul bolluğuna, eyni zamanda sahibkar və fermerlər üçün alternativ satış yerlərinin təşkilinə də şərait yaradıb. Yarmarkada sahibkar və fermerlər heç bir ödəniş etmədən xüsusi hazırlanan satış yerləri ilə təmin olunublar. Bütün ərazi bayram əhval-ruhiyyəsi ilə bəzədilib, yeni işıqlandırma sistemi qurulub. “Nar səhnəsi”də vətəndaşlar rəngarəng musiqi proqramını da izləyə bilirlər.
Yarmarkanın təşkili ölkədə pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdiyi bir dövrə təsadüf edir. Bu səbəbdən təşkilatçılar tərəfindən karantin rejiminin tələblərinə riayət olunurmasına ciddi nəzarət edilir. Ərazilərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılır.
Qeyd edək ki, bayram ərəfəsində təşkil olunan yarmarkalar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının artırılmasına, eləcə də süni qiymət artımının qarşısının alınmasına xidmət edir.
Bayram yarmarkası 2022-ci il yanvarın 2-dək davam edəcək.