Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pflegerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.
Cavid Qurbanov bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə “ADY “QSC” ilə Alstom şirkəti arasında dəyişən cərəyanla işləyən 40 ədəd yük, 10 ədəd sərnişin lokomotivinin alınmasını ilə bağlı müqavilə imzalanıb. Artıq Fransanın Belfort şəhərində şirkətin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin və Qazaxıstanın “Astana” xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda ilk yük lokomotivi olan Prima T8-in (AZ8A) – təqdimat mərasimi olub.
Bu günlərdə y iki sistemli sərnişin lokomotivinin dəmir yolunun Puta-Qaradağ mənzilində saatda 159 km sürətlə uğurlu sınaq yürüşü keçirilib. Bu, sürət dəmir yolunun tarixində bir ilkdir. Son nəticədə beynəlxalq standartlara uyğun sərnişin daşıma xidmətinin həyat keçirilməsi təmin ediləcək və sərnişinlər mənzil başına daha tez və təhlükəsiz şəraitdə çatacaq.
Görüşdə cari layihə planlamaları və “ADY” QSC-yə lokomotivlərin çatdırılması işləri, “Alstom” şirkəti tərəfindən qısamüddətli və uzunmüddətli strategiya əsasında texniki xidmət dəstəyi və Bakı-Böyük Kəsik istiqamətində işarəvermə layihəsinin tamamlanması məsələləri ətrafında müzakirələr aparılıb.
“Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pfleger çıxış edərək bildirib ki, Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya, Qafqaz, İran və İraq regionunun mərkəzi artıq Bakıya köçürülüb. Bu, Azərbaycanda apardığımız işləri gücləndirməyə və Azərbaycan Dəmir Yolları ilə bağlı olan layihələrimizə bundan sonra daha çox diqqət yönəltməyə kömək edəcək. Biz “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq əlaqələrinin genişlənməsindən məmnunuq.
Tədbirdə “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya Klasterinin idarəedici direktoru Bernard Peille və şirkətin Azərbaycan və Gürcüstan ölkələri üzrə idarəedici direktoru Elşən Zeynalov iştirak ediblər.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.