Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində və Talış kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından Trend-ə verilən məlumata görə, Suqovuşan qəsəbəsi və Talış kəndində aparılan işlər təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və yaşayış məntəqələrinə içməli suyun verilməsini əhatə edir. Hər 2 yaşayış məntəqəsində vaxtilə subartezian quyuları qazılsa da, işğal dövründə yararsız hala salınıb və istismar edilməyib. “Azərsu” ASC mütəxəssisləri tərəfindən həmin quyuların imkanları qiymətləndirilib və təkrar istismara qaytarılmasına qərar verilib. Bu məqsədlə Suqovuşan qəsəbəsi və Talış kəndindəki subartezian quyularının hər birində yeni nasos və generator quraşdırılacaq. Quyu ərazisindən yaşayış məntəqələrinə müxtəlif diametrli polietilen borularla 3 km uzunluğunda magistral su xətti çəkilir. Artıq Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşan qəsəbəsində isə işlər başa çatmaq üzrədir. Ümumilikdə magistral su kəmərlərinin 90 faizi inşa edilib.
Yeni inşa edilən su xətlərindən obyektlərin daxili sistemlərinə birləşmələr veriləcək. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində 8 ədəd siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Hadrut qəzəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil olunub.