Ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 70 154 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin illik hesabatında bildirilib.
Sənədə əsasən, 2021-ci ildə Azərbaycanın milli daşıyıcısı Gürcüstanın aviasiya bazarında 2,9 %-lik paya sahib olub.
İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə AZAL-la uçan sərnişinlərin sayı 3,6 dəfə artıb. 2020-ci ildə sərnişin daşınması koronavirus pandemiyası səbəbindən yalnız I rübdə həyata keçirilib.
2021-ci ildə Gürcüstana ən çox sərnişin daşıyan xarici aviaşirkətlərin ilk üçlüyünə “Türkiyə Hava Yolları” (274 404 nəfər), “Wizz Air” (202 286 nəfər) və “SkyUp Airlines” (192 921 nəfər) daxil olub.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin martın 19-dan bərpa edib.