Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) saytı haker hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, hakerlər xüsusi müdafiəyə ehtiyacı olan 515 min insanın şəxsi məlumatlarını oğurlayıblar.
Bu barədə məlumatı BQXK-nin Cenevrədəki mənzil-qərargahından təsdiqləyiblər.
Bildirilib ki, oğurlanmış şəxsi məlumatlar münaqişələr, miqrasiya və təbii fəlakətlər nəticəsində ailələrindən ayrı düşən insanlar, itkin düşən şəxslər və onların ailələri, eləcə də həbsdə olan şəxslərə aiddir.
Haker hücumu bu həftə aşkarlanıb. Bu hücumun arxasında kimlərin dayandığı məlum deyil. Hakerlər BQXK-nin sifarişi ilə şəxsi məlumatların bazasını yaradan və idarə edən şirkətin serverlərinə hücum ediblər. Oğurlanmış məlumatların indiyədək ictimailəşdirilməsinə dair hələlik məlumat verilməyib.
BQXK-dən bildirilib ki, Qırmızı Xaç və Qızıl Aypara şəbəkəsinin müdafiə etdiyi və dəstək göstərdiyi insanların həssas və məxfi məlumatlarının yayılması nəticəsində həmin insanlara qarşı yarana biləcək potensial risklər ciddi narahatlıq doğurur. Oğurlanmış məlumatlar beynəlxalq qurumların 60-dan artıq ölkədəki milli komitələri tərəfindən toplanıb.