Şuşaya növbəti avtobus reysi hava şəraitinə görə geri qayıda bilməyib

Fevralın 5-də kəskin hava şəraiti ilə əlaqədar Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun hərəkət qrafikində gecikmə qeydə alınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, vəziyyət dərhal nəzarətə götürülüb. Güclü qar və yolların buz bağlamasına baxmayaraq, aidiyyəti dövlət qurumlarının operativ və koordinasiyalı fəaliyyəti, həmçinin sürücünün peşəkarlığı sayəsində sərnişinlər Şuşa şəhərinə çatdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xüsusi texnika cəlb edərək yolları qardan və buzdan təmizləyib. Yolboyu avtobus Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən müşayiət edilib.

Hərəkət qrafikində gecikmə baş verdiyindən sərnişinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə geri dönüş təxirə salınıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sərnişinlər xüsusi qayğı ilə əhatə olunub.

Onların Şuşada qalmasına və daha sonra təhlükəsiz geri dönməsinə şərait yaradılıb.

Belə ki, vətəndaşlar hosteldə yerləşdirilib və isti qida ilə təmin ediliblər. Bu gün səhər saatlarında sərnişinlər plandanəzərdə tutulan yerləri ziyarət etdikdən sonra Bakıya yola düşüblər.

ƏvvəlkiMEDİA vəzifəsindən asılı olmayaraq hər kəsi jurnalistlərlə münasibətdə məsuliyyətli olmağa çağırıb
NövbətiKraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümü tamam olur