Bu gün Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının 70-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, 1952-ci il fevralın 6-da atası Kral VI Corcun ölümündən sonra 25 yaşlı II Elizabet Kraliça elan olunub. Bu zaman Kenyada səfərdə olan Elizabet Londona qayıdır və Kraliça kimi fəaliyyətə başlayır. 1953-cü il iyunun 2-də Londondakı Vestminster abbatlığında tacqoyma mərasimi keçirilir.
Yetmiş ildir ki o, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədridir.
1947-ci ildə Şahzadə Filiplə ailə həyatı quran Elizabetin dörd övladı var. Bu il kraliça II Elizabet ilk dəfə taxta çıxmasının ildönümünü əri Edinburq hersoqu Filipsiz qeyd edir. Şahzadə Filip 73 illik evlilikdən sonra keçən il vəfat edib.
Onun Kraliçalığı dövründə Britaniyanın 14 baş nazir olub.
Baş nazir Boris Conson yubilyarı təbrik edərək şəxsi tvitter səhifəsində belə yazıb: “İllər uzunu davam edən xidmətinə görə təbrik edirəm və yayda bütün ölkə olaraq bu tarixi qeyd etməyi səbirsizliklə gözləyirəm”.
Kraliçanın əsas yubiley mərasimlər iyun ayında keçiriləcək.
Qeyd edək ki, II Elizabet Britaniya monarxiyasının tarixində 70 illik yubileyini qeyd edən ilk monarxdır.