Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.
Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək.
S.Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi, “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını, zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib. Yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.