Türk.az saytı bəyanatı olduğu kimi dərc edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının şəxsi heyəti və erməni separatçılarının iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırım törədildi. 7000-dən çox əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edildi, əhali azərbaycanlı-türk olduqlarına görə kütləvi surətdə qətlə yetirildi. Erməni separatçıları dinc əhaliyə qarşı ən ağır, ən amansız üsullardan istifadə edərək XX-əsrin ən faciəli qətliamlarından birini törətdilər. Nəticədə Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.