Martın 3-də Bakı Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günü start götürüb.
Trend-in məlumatına görə, bu gün 12-18 yaş qrupunda təsnifat mərhələsi keçiriləcək. Qadın və kişi cütlüklər, eləcə də kişi qrupları balans hərəkətləri, qarışıq cütlüklər, qadın və kişi qrupları temp hərəkətləri nümayiş etdirəcək.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.
Yarışda 21 ölkədən 466 gimnast iştirak edəcək.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.